Əziz dostlar!
Sizi İmam Mehdi Sahibəzzamanın (ə.f.) mövludu münasibəti ilə təbrik edir, Allahdan o həzrətin zühurunun tezləşməsini diləyirik!
Axirətdən öncə dünyanın sülh, ədalət və azadlıqla dolacağına inam, demək olar ki, bütün dinlərin əsas inanclarından biridir. Bir çox fəlsəfi məktəblər də bəşəriyyətin inkişafa doğri getdiyini və tarixin qızıl əsrə qədəm qoyacağını təlim edirlər. Çünki, gələcəyə ümid cəmiyyəti inkişafa təşfiq etməklə yanaşı, hər bir insanın daxilindən qaynaqlanan bir hissdir.
Qurani-Kərimdə də Allah bu barədə buyurur:
“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz ) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar” (Ənbiya-105)
“Müşriklərin xoşuna gəlməsə də, dini bütövlükdə zahir etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (Tövbə-33)
Peyğəmbərlərin sonuncusu Həzrtə Məhəmməd də (s) buyurmuşdu: “Xudavəndi-aləm mənim Əhli-Beytimdən bir nəfəri seçəcək və o da yer üzündə zülmlə dolduğu kimi ədalətlə dolduracaqdır”.
İmam Mehdinin (ə) əsl adı Məhəmməddir. Məhdi (Hidayət olunmuş), Sahibəzzaman (müasir zamanın sahibi), Qaim (qiyam edən) və s. on ikinci imamızın ləqəblərindəndir. İmam Sahibəzzaman (ə) h.q. 255-ci ildə (miladi 869-cu il) Samirə şəhərində on birinci imamımız Həzrət Həsən Əsgəri (ə) ilə kənizliyə satılmış Roma şahzadəsi Nərgiz xatunun ailəsində dünyaya gəlib.
Peyğəmbər Əhli-Beytindən (ə) on ikinci imamın xilaskar olacağını bilər Abbasi xanədanı çalışırdı ki, İmam Həsən Əsgərini (ə) nəzarətdə saxlasın və onun övladının olmasına mane olsun. Bu məqsədlə İmam Hadi ilə İmam Həsən Əsgəri (ə) o zaman hərbi qarnizon olan Samirə şəhərinə sürgün edilirlər. İmam Həsən (ə) də romalılarla müsəlmanların müharibəsində əsirliyə düşən və sonra qul bazarında satılan şahzadəni kəniz kimi alıb evinə gətirir. Əsil-nəcabətli ərəblər kənizlərdən uşaq dünyaya gətirməyi ayıb saydıqları üçün, heç kəs təsəvvür edə bilməzdi ki, Peyğəmbər (s) nəslindən olan imam kənizlə evlənsin. Kənizlə ailə qurmaqla İmam Həsən Əsgəri (ə) öz evliliyini və övladının dünyaya gəlməsini məxfi saxlamağı bacarmışdı.
İmam Həsən Əsgəri (ə) yaxın adamlarını oğlu ilə tanış etmiş və onun vəd olunmuş və qeybə çəkiləcək Məhdi olduğunu təsdiqləmişdi. İmam Həsən Əsgəri (ə) zəhərləndirilərək şəhadətə çatdırılanda 25 yaşında idi. İmamət məqamına yetişən Həzrət Sahibəzzamanın isə cəmi 5 yaşı var idi.
Bu zaman İmam (ə) qeybəti-suğraya, yəni kiçik qeybə çəkilir. Təxminən 70 il davam edən kiçik qeyb zamanı İmam Mehdi (ə) öz tərəfdarları ilə dörd naib vasitəsilə əlaqə saxlayıb. İmamın 4-ü xas naibi vəfat etdikdən sonra qeybəti-kübra, yəni böyük qeyb dönəmi başladı. Bu dönəmin xüsusiyyəti ondan ibarətdir ki, İmam (ə) öz əvəzinə konkret naiblər təyin etmədi. O, qeybəti-kubra dönəmində öz naibləri kimi müctəhidləri təyin etdi.
Qeybin nə zaman başa çatacağını və İmam Mehdinin (ə) nə zaman zühur edəcəyini heç kəs deyə bilməz. İmam Baqir (ə) buyurub ki, hər kim belə bir iddia ilə çıxış edərsə - yalançıdır.
Əziz dostlar, İmam Məhdi (ə) həyatı barədə qısaca məlumat verdik. Lakin, gələcəkdə bu mövzuya daha ətraflı şəkildə qayıdacayıq.